Azərbaycan Beynəlxalq Bankı 10 yanvar 1992-ci ildən fəaliyyət göstərir. Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 37 filial və 39 şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 16500, fiziki şəxslərin sayı isə 1.3 milyondan çoxdur.
Bank neft-kimya, nəqliyyat-kommunikasiya, energetika və s. sahələrdə reallaşdırılan irimiqyaslı dövlət layihələrində, sosial proqramlarda yaxından iştirak edir. Eyni zamanda iri, kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə dəstək verir. Ölkədə pensiya və əmək haqqı ödənişlərinin plastik kartlarla ödənişi ilk dəfə bu bank tərəfindən həyata keçirilmişdir. Azərbaycanın ilk prosessinq mərkəzi olan AzeriCard da 1996-cı ildə ilk dəfə məhz Azərbaycan Beynəlxalq Bankı tərəfindən yaradılmışdır.
SWIFT və Reuters-in üzvü olan Azərbaycan Beynəlxalq Bankı hazırda ölkə üzrə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox beynəlxalq ödəniş sistemi ilə (VISA, Mastercard, American Express, Union Pay, Diners Club, JCB) əməkdaşlıq edən bankdır.
Bu bank müştərilərə “American Express” ödəniş kartlarını təklif edən, həmçinin JCB kartları ilə əməliyyat imkanı yaradan ilk və yeganə Azərbaycan Bankıdır. Hazırda bankın aktiv ödəniş kartlarının sayı 1 milyon 300 mindən çoxdur. “VİSA PayWave”, “Mastercard PayPass”, NFC ödəniş texnologiyalarını ölkəmizdə ilk dəfə məhz Azərbaycan Beynəlxalq Bankı tətbiq etməyə başlamışdır.
VISA ilə tərəfdaşlıq çərçivəsində “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin tətbiqi də ölkəmizdə yeganə olaraq Azərbaycan Beynəlxalq Bankının adı ilə bağlıdır.
Rusiya ərazisində bankın törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı – Moskva” fəaliyyət göstərir.
Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “Euromoney” jurnalı 2019-cu ildə Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib.
Azərbaycan Beynəlxalq Bankının əsas missiyalarından biri bank sektorunda innovativ texnologiyaların geniş tətbiqidir. Ona görə də 2019-cu ilin sentyabrından bank özünün yeni Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində IBA Tech Akademiyasını yaradıb.