31.03.2020, 22:27

Developerlər necə xarici müştərilər tapa bilər? Tələbələrimiz və məzunlarımız üçün məsləhətlər.

Artıq birbaşa müştərilərlə işləmək qərarına gəlmisinizsə, xarici müştərilərin sabit gəlirə aparan yol olduğunu bilirsiniz. Çox vaxt onlar bazar xaricində yaradıcı və məsuliyyətli developerlərin axtarışında olurlar. Bəs bu şansdan necə faydalanmaq və öz potensialınızı reallaşdırmaq üçün necə xarici müştərilər tapmaq olar?

Gəlin aydınlaşdıraq.

Harada axtarmalı?

Xarici müştəri tapmaq üçün bir neçə platforma mövcuddur:

• Upwork, Fiverr, Toptal. Bura proyektləriniz və statusunuzla fərqlənə biləcəyiniz yerlərdir.

• LinkedIn vasitəsilə (bütün suallarınızı əvvəlcədən dəqiqləşdirin və müştərinin sözlərinin düzgünlüyünə əmin olmaq üçün profilini diqqətlə nəzərdən keçirin).

• Dostların, həmkarların, əvvəlki müştərilərin tövsiyələri. Həmişə əvvəlki müştəri ilə yaxşı münasibət qurmağa çalışın ki, nüfuzunuz artsın.

Müştəri axtarışının qızıl qaydası.

Həmişə profilinizin və portfolionuzun üzərində işləyin. Təəssüf ki, sadəcə qeydiyyatdan keçib müştəri gözləsəniz, çətin ki, kimsə sizi işə götürmək istəsin. Buna görə, ixtisas kurslarıyla yanaşı, verilənlər bazasındakı profilinizin üzərində də işləyin.

Sizə əhəmiyyətsiz görünsə də, iş yerlərinizi və təcrübənizi əlavə edin – əsas nə etdiyinizi və hansı nəticələr əldə etdiyinizi vurğulamaqdır.

Müştərini sizi seçməyinə necə inandırmaq olar?

Özünüzü təqdim etmək, görülən işlərinizə, təcrübənizə, bacarıqlarınıza diqqət yetirmək. Daha öncə nə etdiyinizi təsvir edin, yeni proyektlərə hazır olduğunuzu göstərin.

Qiyməti necə təyin etməli?

Qazancınız sizdən asılıdır. Müəyyən bir xidmətin qiymətini müəyyənləşdirmək çətindirsə, təcrübəli həmkarlarınızla danışın.

Layihələrinin yerinə yetirilmə vaxtı az olan müştərilər daha çox pul ödəməyə hazır olacaqlar. Onlar üçün əsas məsələ icranın vaxtı və keyfiyyətidir. 

“Endirim” strategiyasını da sınaya bilərsiniz. Məsələn, saatda 20 dollara başlayan freelancer-proqramçı, gələn ilin əvvəlində açıq şəkildə deyir ki, onun saatı 30 dollar olacaq. Ancaq daimi müştərisi üçün saatda 25 dollara işləməyə hazırdır. Beləliklə, müştərini itirmirsiniz, xüsusən də onun layihələrini bəyənirsinizsə.

Xarici müştərilərlə müstəqil işdə əsas məsələ aktiv olmaq, ünsiyyət qurmaq, sual verməkdən çəkinməməkdir.